2010-cu ildə Azərbaycanda ictimaiyyətə təsir baxımından vur-tut iki əhəmiyyətli hadisə baş verib. Birincisi, Milli Ordunun giziri Mübariz cəhbədə qəhrəmanlıq göstərərək düşmənin çoxsaylı canlı qüvvəsini məhv etməyə nail olub. İkincisi, nəqliyyat nazirinin oğlu Anar restoranın qəfəsində olan bir ayını kəsdirərərk yeyib. And içə bilərəm ki, ictimai fikirə təsir baxımından bu il Azərbaycanda başqa bir hadisə baş verməyib.

Bu iki hadisənin ictimai mühitdə uzun müddət müzakirə olunması məndə Mübariz və Anar haqqında bir sıra müqayisələr aparmaq ideyasını yaratdı. Əgər məndən soruşsaydılar dünyada biri-birinə heç oxşamayan və biri-birinin əksi olan iki adamı göstər, mən heç fikirləşmədən Mübariz və Anarı göstərərdim.

Mübariz kasıb bir ailədə doğulub, boya-başa çatıb. Öz arzusu ilə Milli Ordu sıralarında qulluq edib. Özü də əsgər kimi yox, gizir kimi. O, uşaqlıqdan zəhmətə qatlaşmış, valideynləri kimi ancaq halal çörəklə yaşamışdır. Anar isə varlıdır və yağ içində böyrək kimi bəslənib. Orduda xidmət etməyib. Əgər Anar sabah hansısa bir qəzetdə desə ki, mən orduda xidmət etmişəm, qəti inanmayın və bilin ki, gözünün içinə kimi yalan deyir. Hətta düz desə belə, onun əsgər olmağı bəzi adamların, məsələn Qubad İbadoğlunun və Fazil Qəzənfəroğlunun müxalifətdə olması kimi bir şeydir.

Mübariz cəsurluq və qəhrəmanlıq simvoludur. O təkbaşına döyüş meydanında düşmən arxasına keçərək çoxlu düşmən əsgərini məhv edib. Ancaq cəsur adamlar bu addımı ata bilərlər. Mübariz  bir qəhrəmandır. Azərbaycan xalqı illər boyu televiziyadan ona qəhrəman kimi təqdim olunan adamları yox, Mübarizi sevdi. Artıq xalq öz yeni qəhrmanı haqqında əfsanələr yaradır. Bu isə normal və sevindirici bir şeydir. Koroğlu dastanının yada salaq. Gec-tez bir Mübariz dastanı da yaranacaq.

Anar isə qorxqaqdır. Nədən ki, ancaq qorxaq adamlar qəfəsdə olan köməksiz bir heyvana qarşı onun qədər qəddar ola bilərlər. İnsan qəddar olduğu qədər də qorxaq olur. Ümumiyyətlə, qəddarlıq qorxaqlıqdan yaranma bir şeydir. Əgər ətrafınızda qəddar bir adam görsəniz, qəti çəkinməyin. Tam əmin olun ki, o qorxaqqdır.

Mübariz vətənini sevirdi. O öz vətəni üçün canını fəda etdi. Anar üçünsə vətən anlayışı yoxdur. O, və onun atası illər uzunu Azərbaycan xalqına mənsub olan pulları mənimsəməklə məşğul olub. Onun vətəninə qarşı olan münasibəti xalqına qarşı etdiyi hərəkətlərindən bəllidir. Öz xalqının var-dövlətini oğurlayanlar vətənlərini necə sevə bilərlər?

Mübariz şəhid oldu. O, uca bir mərtəbəyə yüksəldi. Anarın ürəyindən isə millət vəkili olmaq keçir. Onun üzv olacağı “Antimilli” Məclis Azərbaycan xalqına aid olan ən vacib məsələləri həll edir. Təsəvvür edirsinizmi ki, bu adam Milli Məclis deyilən yerdə söz sahibi olacaq? Bu Məclis elə Anarın yeridir, çünki, Azərbaycanda nə qədər yaramaz adam varsa, hamısı ora yığışıb.

Mübariz və Anar arasında aşqa fərqlər də bulmaq istəsəniz, onların şəkillərini tapın və diqqətlə baxın. Fərqi görəcəksiniz. Özü də geyimdə yox, xarakterdə.

Deyirəm nə yaxşı ki, qəhrəmanlıq pulla alınmır. İndi Anar da bir qəhrəman olardı.

Mübariz və Anar arasında çox paralellər aparmaq olardı. Ancaq, əsas sözümü dediyimdən bu yazını uzatmağa bir səbəb görmürəm.